Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda “Veres Rivne” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Emil bu görüşdə komandası 1:0 hesabıyla öndə olarkən, 72-ci dəqiqədə meydana buraxılıb.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Kolos”la üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan 1 xalla ayrılıb – 0:0. Dmitri matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
16 turdan sonra “Polesye” 31 xalla 16 iştirakçı arasında 3-cü, “Obolon” isə 14 xalla 12-ci pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasının 17-ci turu çərçivəsində dekabrın 11-də səfərdə Kiyev “Dinamo”su ilə üz-üzə gələcək. “Polesye” isə ayın 8-də “Dnepr-1” komandasını qəbul edəcək.


