Ötən gün futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin bu yay transfer olunduğu “Polesye” elitadakı üçüncü matçında “Rux”la qarşılaşıb. Doğma meydanda baş tutan bu oyun futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Emil də bu görüşün iştirakçısı olub. O, bu matçın start heyətində meydana çıxmaqla yeni komandasında ilk rəsmi matçını keçirib. Mustafayev fasilədə əvəzlənib. “Polesye” isə 90-cı dəqiqədə buraxdığı yeganə qola görə turu xalsız başa vurub.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda Odessa “Çernomorets”i ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan xalsız ayrılıb – 0:2. Dmitri bu oyunun 67-ci dəqiqəsində meydana buraxılıb.
3 turdan sonra “Polesye” 3 xalla 16 iştirakçı arasında 10-cu, “Obolon” isə 1 xalla 11-cidir.
“Polesye” Ukrayna Premyer Liqasının 4-cü turu çərçivəsində avqustun 18-də “LNZ Çerkası” komandasının qonağı olacaq. “Obolon” isə ayın 20-də səfərdə “Dnepr-1” ilə üz-üzə gələcək.


