Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda “Dnepr-1” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Emil bu görüşdə sonadək ehtiyatda qalıb.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Dmitri ikinci hissənin startındaca meydana buraxılıb və sonadək oynayıb.
17 turdan sonra “Polesye” 32 xalla 16 iştirakçı arasında 3-cü, “Obolon” isə 14 xalla 13-cü pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasının 18-ci turu çərçivəsində gələn il fevralın 24-də səfərdə Odessa “Çernomorets”i ilə üz-üzə gələcək. “Polesye” isə həmin gün “Rux” komandasının qonağı olacaq.


