Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunun qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda Odessa “Çernomorets”i ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:4. Emil bu görüşün 73-cü dəqiqəsində meydana buraxılıb. O, meydana çıxandan az sonra – 74-cü dəqiqədə komandasının təsəlli qolunun məhsuldar ötürməsini verib.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda Donetsk “Şaxtyor”unu qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Dmitri 80-ci dəqiqədə meydana buraxılıb.
22 turdan sonra ardıcıl 4-cü məğlubiyyətinə üzülən “Polesye” 33 xalla 16 iştirakçı arasında 6-cı, “Obolon” isə 18 xalla 13-cü pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasının 23-cü turu çərçivəsində aprelin 6-da səfərdə “Veres-Rivne” ilə üz-üzə gələcək. “Polesye” isə ayın 8-də “Minay”ın qonağı olacaq.


