Ürfan Abbasov və Ülvü İsgəndərovla da yeni müqavilə imzalandı

Premyer Liqanın bürünc mükafatçısı “Araz-Naxçıvan” daha 2 futbolçusu – Ürfan Abbasov və Ülvü İsgəndərovla da yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Abbasovla İsgəndərov 2025/2026-cı illər mövsümünün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışmağa davam edəcəklər. Hər iki futbolçu ilə yeni anlaşma 1 illikdir.

Ürfan Abbasov 2024-cü ilin iyulundan Naxçıvan klubunda çıxış edir. 32 yaşlı sol cinah müdafiəçisi bu komandanın heyətində 39 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Ürfan daha öncə “Səbail” və “Qəbələ”də də çıxış edib. Abbasov Azərbaycan millisinin də heyətində 10 oyuna çıxıb, 1 qol vurub.

Ülvi İsgəndərov da 2024-cü ilin iyulundan “qırmızı-ağlar”ın heyətində yer almaqdadır. 27 yaşlı sağ vinger Muxtar Respublika təmsilçisinin heyətində 40 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, əvvəllər “Qəbələ”də və “Sumqayıt”da da çıxış edib.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə baş məşqçisi Elmar Baxşıyevlə, həmçinin İssof Paro, Ömər Buludov, Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalandığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: