“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev Azərbaycan Premyer Liqasının 16-cı turunda qarşılaşacaqları “Zirə” ilə oyunu buraxacaq.
Arena.az xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının növbəti turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir. Gündə bir dəfə məşq edən komandada zədəli futbolçunun olmaması üzləri güldürür. Lakin qarşıdakı matçı cəza səbəbindən Vadim Abdullayev buraxacaq. “Səbail”lə görüşdə sarı vərəqə alan futbolçunun passivindəki vərəqələrin sayı 4-ə çatıb. Buna görə də Abdullayev “Zirə” ilə oyunda meydana çıxa bilməyəcək.
Xatırladaq ki, “Zirə” – “Araz-Naxçıvan” oyunu dekabrın 9-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Oyuna saat 17:00-da start veriləcək.


