Argentinanın U-23 yığmasının və “Boka Xuniors”un sol cinah müdafiəçisi Valentin Barko bundan sonra “Brayton”un formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
19 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Brayton” yeni transferi üçün 9,15 milyon avrosundan keçib.
Valentin Barko “Boka Xuniors”un yetirməsidir. O, ötən ildən formasını geyindiyi əsas komandada 35 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Barko Argentinanın U-15, U-20 yığmalarında oynayıb, hazırda isə U-23-ə dəvət alır.
“Brayton” üç futbolçusunu da icarəyə verib. 19 yaşlı qapıçı Ceyms Bidl “Şeffild Uensdey”ə keçib. İngilis qolkiper mövsümün sonuna kimi icarədə olacaq. “Brayton”un yetirməsi olan qapıçı “Kryu Aleksandra” və “Oksford Yunayted”də də icarədə olub. Bidl İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, hazırda U-20-yə dəvət alır.
İsveç millisinin də üzvü olan Yasin Ayari “Bləkbörn”ə icarəyə verilib. 20 yaşlı yarımmüdafiəçi də bu mövsümün sonunadək icarədə olacaq. Mövsümün ilk hissəsini “Koventri Siti”də icarədə keçirmiş futbolçu daha öncə AİK-də də oynayıb. O, məhz İsveç klubundan transfer edildiyi “Brayton”da cəmi 4 matça çıxıb. Ayari İsveç milli komandasının heyətində 2 oyun keçirsə də, fərqlənə bilməyib.
Jeremi Sarmiento da “İpsviç Taun”a icarəyə verilib. 21 yaşlı vinger bu mövsümün sonuna kimi icarədə çıxış edəcək. O, ötən il “Vest Bromviç”də də icarədə olub. “Brayton”da 19 oyun keçirib, 2 məhsuldar ötürmə etmiş Sarmiento Ekvador yığmasında da 13 oyun keçirib. Halbuki o, vaxtilə İngiltərənin aşağı qrupları üzrə yığmalarında da forma geyinib.


