Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Vaqif Cavadovla növbəti mövsümün sonuna 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Vaqif Cavadov buna qədər “Sumqayıt”ın U-19 komandasının baş məşqçisi kimi fəaliyyət göstərirdi. O, U-19-un baş məşqçisi postunda keçirdiyi 27 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.
Cavadov 2016-cı ildə futbolçu kimi də “Sumqayıt”ın uğurları üçün çalışıb. O, bu komandanın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapıb. Millimizin sabiq hücumçusu “Qarabağ”, “Bakı”, “İnter”, “Xəzər Lənkəran”, “Qəbələ”, AZAL və “Keşlə”də də oynayıb. O, “Tvente”, “Volqa”, “Qaziantep”, “Boluspor”, kimi klublarda legioner həyatı yaşayıb. Vaqif Azərbaycan milli komandasında keçirdiyi 58 oyunda 9 qola imza atıb.


