Vaqif Cavadov “Neftçi” üzərində qələbəni atasına həsr etdi

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib:

Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Neftçi” hər zaman “Neftçi”dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Bu matç hər bir oyunçunun qiyməti, karyerası üçün önəmli idi. Futbolçular bunu dərk edirdilər. 90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən heç də zəif deyilik. Futbolçularıma təşəkkür edirəm. Onlar üçün böyük addım olacaq. Demək ki, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. Bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq.

Bütün oyunlara necə hazırlaşmışdıqsa, bu matça da eyni motivasiya ilə çıxmışdıq. Sadəcə, rəqib “Neftçi” idi. Bu gün bizdə daha çox istək var idi. Bu istəyə görə də Allah qələbəni bizə bəxş etdi. “Neftçi”yə uğurlar arzulayıram. Bu klubu yuxarı pillələrdə görmək istəyərdim.

Qışda fasilə olacaq. Həmin vaxt digər futbolçular haqda düşünməyə vaxtımız var. Amma indi heyətdə hansı futbolçular varsa, onlarla işimi davam etdirməyə çalışacağam. Bu heyətlə də futbol oynamaq olar”.

Vaqif Cavadov ailəsi üçün doğma olan “Neftçi” üzərindəki qələbənin onun üçün hansı önəmi daşımasına da toxunub: “Bəli, ailə olaraq “Neftçi”liyik. Kaş ki, atam bu oyunu görərdi. Karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmayaraq ki, “Neftçi”li idi. Onun olmaması mənim üçün çətindir. “Neftçi” üzərində qələbəni atama həsr edirəm. Onun üzərimdə böyük əməyi var”.

Samir Abasov: “Psixoloqa ehtiyacımız yoxdur”

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə “Sumqayıt”a məğlubiyyətə belə şərh verib:

“Azarkeşlərin ünvanıma səsləndirdiyi şüarlarla mənimlə onların arasında olan şeydir. Buna müdaxilə olunmağını istəmirəm. Dünya futbolunda belə hallar çox olur. Normal qəbul edirəm. Öz komandalarını dəstəkləyirlər. Azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub. Ona görə də fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdir və artıq bunu unutdum. Bunların nədən irəli gəldiyini, kimlərin elətdirdiyini bilirəm. Canları sağ olsun.

Məğlubiyyətə gəlincə, bizim əsas bədbəxtliyimiz ondadır ki, kağız üzərində favorit göstərilirik. Oyuna çox yaxşı başlayırıq. Etmək istədiklərimiz də alınır. Amma durduğumuz yerdə topu rəqibə hədiyyə veririk və qapımızda qol görürük. Hər oyunda bir hədiyyə ilə qapımıza qol gətiririk. Əslində, bu oyunlar bizim qışdan sonra hansı futbolçularla yola davam edib, hansılarla yola davam etməyəcəyimizi müəyyənləşdirmək üçün material verir. Mövqelər üzrə baxsaq, heyətdə yer alanların hamısı eyni tipdə olan oyunçulardır. Məsələn, hücumçularımız arxası rəqib qapıya oynayanlardır, sürətli deyillər. Bu üzdən onlara görə oyun qurmağa çalışırıq. Digər mövqedə olan oyunçular da eyni tipdədirlər. Bu cür vəziyyətlərdə isə oyunu dəyişmək çətindir. Çünki həmin oyunçuların əvəzinə meydana daxil olan oyunçu da, eyni şeyi edir. Analiz etdiyimiz, gördüyümüz detallar bunlardır. Bundan dərs çıxarmalıyıq. Bu o demək deyil ki, dərs çıxarıb gələn oyunu udacağıq. Xeyr. Biz gələcəkdə kimlərlə davam edəcəyik, ona baxacağıq. Belə davam etməyəcək. Açıq görünən məqamlar var. Amma vəziyyət nəzarət altındadır. Əsas odur ki, hansı vəziyyətdə olduğumuzu bilirik. İnanın ki, oyuna motivasiyasız çıxmamışdıq.

Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Oynatmaq istədiyin futbolu hansı futbolçular dərk edir, onu bilmək qazancdır. Bu gün oyuna yaxşı başlamışdıq. Komandamız oyuna nəzarət edirdi. “Qarabağ”la matçda Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmədik. Bu gün Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: