Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov istefaya göndərilib.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, “Sumqayıt” Futbol Klubu baş məşqçi Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Gənc mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
O da vurğulanır ki, Vaqif Cavadov “Sumqayıt”dan tam ayrılmayacaq. Belə ki, o, bundan sonra klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək. Böyük ehtimalla o, əsas komandaya gələnə qədər rəhbərlik etdiyi əvəzedici komandanı çalışdırmağa davam edəcək.
Xatırladaq ki, Vaqif Cavadov 2024-cü ilin oktyabr ayında Samir Abasovun “Neftçi”yə gedişindən sonra “Sumqayıt”ın əsas komandasının müvəqqəti baş məşqçi təyin olunmuşdu. Bu ilin yanvar ayında isə o, baş məşqçi kimi rəsmi müqaviləyə imza atmışdı. Həmin müqaviləyə əsasən Cavadov 2027-ci ilin 30 iyununa kimi bu komandanı çalışdırmalı idi. Amma nəticələrin o qədər də uğurlu olmaması bu işbirliyinin ömrünü qısaldıb.
Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
Xatırladaq ki, “Sumqayıt” ötən gün Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub. Bu nəticədən sonra gəncəlilər turnir cədvəlində “kimyaçılar”ı qabaqlayaraq 8-ci pilləyə yüksəliblər. “Sumqayıt” isə 30 xalla 9-cu pilləyə düşüb. Son iki turda uğursuz gedişat davam etsə, sumqayıtlılar mövsümü elə 9-cu sırada bitirəcəklər.


