Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov “Sumqayıt”ın əsas komandasının baş məşqçisi təyin olunub.
Arena.az bu barədə Sumqayıt klubunun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Vaqif Cavadova həvalə olunub. Onun nə vaxta kimi bu postu tutacağı açıqlanmır.
Qeyd edək ki, Vaqif Cavadov hazırda həm də “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edir. O, 2023-cü ilin aprel ayında bu komandanın baş məşqçisi təyin olunub. Cavadov futbolçu karyerası dövründə də bir mövsüm “Sumqayıt”ın şərəfini qoruyub.
Xatırladaq ki, “Sumqayıt”ın əsas komandasına rəhbərlik edən Samir Abasov “Neftçi”dən aldığı təklifə görə bu klubdan ayrılıb. “Ağ-qaralar”ın buna görə “Sumqayıt”a nə qədər təzminat ödədiyi açıqlanmır.
Yeri gəlmişkən, “Sumqayıt”ın baş məşqçi postuna ukraynalı mütəxəssis Yuri Maksimovu gətirməsi gözlənilir. Həmin təyinat rəsmiləşənə qədər isə komandanı məşqlərə və oyunlara məhz Cavadov çıxaracaq.
Yuri Maksimov azərbaycanlı futbolsevərlərə tanış məşqçidir. 55 yaşlı mütəxəssis daha öncə “Keşlə”yə (indiki “Şamaxı”) rəhbərlik edib. O, karyerası ərzində “Krivbas”, “Vorskla” (Poltava), “Obolon” (Kiyev), ÇSKA (Kiyev), “Mordoviya”, “Metallurq” (Donetsk), “Dnepr-1”, “Taraz”, “Zvyagel” kimi komandaların da baş məşqçisi olub.
Maksimovun karyerasında ən böyük uğuru elə 2017-ci ilin dekabrından 2018-ci ilin iyun ayınadək çalışdırdığı “Keşlə” ilə Azərbaycan Kubokunu (2017/2018) qazanmasıdır.
“Sumqayıt”ın əsas komandası Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün geridə qalmış birinci dövrəsini 7 xalla 8-ci pillədə başa vurub.


