“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov Niderlandın “Tvente” klubunda təcrübədə olub.
Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Cavadov PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində “Tvente” klubunun düşərgəsinə təcrübəyə yollanıb. Gənc mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də “Tvente” akademiyasının məşqlərini izləyib.
O, komandanın baş məşqçisi Con van den Brom, klubun inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar, həmçinin klubun meneceri Yan van Sta ilə görüşüb, onlarla fikir mübadiləsi aparıb.
Xatırladaq ki, Vaqif Cavadov futbolçu olduğu dönəmdə, 2010/2011 mövsümündə “Tvente”nin formasını geyinib. Milli komandamızın sabiq hücumçusu futbolçu karyerasını bitirəndən bəri “Sumqayıt”ın müxtəlif yaş qrupları üzrə komandalarında məşqçi kimi çalışır. O, bir müddət bu klubun əsas komandasına da rəhbərlik edib.


