Ötən mövsümü bürünc medallarla bitirən “Neftçi”də Gürcüstandan olan yarımmüdafiəçi Vato Arveladze ilə də bağlı qərar verilib.
Arena.az xəbər verir ki, paytaxt klubu 25 yaşlı futbolçu ilə yollarını ayırıb.
Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Arveladze ilə müddəti bitən müqavilə yenilənməyib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Vato Arveladze “Neftçi”yə ötən ilin avqustunda transfer olunmuşdu. O, paytaxt klubunun heyətində 20 rəsmi oyunda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə cəmi 2 məhsuldar ötürmə müəllifi olub.
Arveladze daha öncə “Lokomotiv” (Tiflis), “Korona”, “Fatih Karagümrük”, “Sasko” kimi klubların da formasını geyinib.
Xatırladaq ki, “Neftçi” bu gün Sezar Meza Kolli ilə də yollarını ayırdığını açıqlamışdı. Paytaxt təmsilçisi yalnız qapıçı İvan Brkiçlə yeni müqavilə bağlayıb.


