Vensan Kompani “Bayern”in sükanı arxasına keçdi – Rəsmi

“Börnli”nin sabiq çalışdırıcısı, belçikalı mütəxəssis Vensan Kompani Almaniya nəhəngi “Bayern”in baş məşqçisi təyin edilib.

Arena.az bu barədə “Bayern”in mətbuat xidmətinə istinadən məlumat verir.

38 yaşlı belçikalı mütəxəssis Münhen təmsilçisi ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Bayern” mütəxəssisin təzminat haqqı olaraq “Börnliyə” 12 milyon avro məbləğində ödəniş edib.

Kompani “Bayern”in baş məşqçisi vəzifəsinə təyinatı ilə əlaqədar şərh verib. O, Münhen klubunun mətbuat xidmətinə açıqlamasında bunları dilə gətirib:

“Bayern”də işə başlamağı səbirsizliklə gözləyirəm. Bu klubda çıxış etmək mənim üçün böyük şərəfdir – “Bayern” beynəlxalq futbol institutudur”, deyə Kompani bildirib.

Vensan Kompani məşqçilik fəalliyyətinə Belçika nəhəngi “Anderlext”lə başlayıb. Daha sonra, 2022-ci ilin iyulunda belçikalı mütəxəssis “Börnli”nin sükanı arxasına keçib. Artıq başa çatmış Premyer Liqa mövsümündə “Börnli” yarış cədvəlində sonuncudan əvvəlki, 19-cu yeri tutaraq, Çempionşipə yuvarlanıb. Buna rəğmən, Münhen klubu “Bayern”in Kompaninin xidmətində maraqlı olduğunu israr edib və məlum olduğu kimi, Almaniya nəhənginin sükanını belçikalı mütəxəssisə həvalə edib.

Kompani “Börnli”ni bütövlükdə 96 oyuna çıxarıb. İngiltərə klubu bu görüşlərdə 41 qələbə, 24 heç-heçə, 31 məğlubiyyət görüb.

Xatırladaq ki, Kompani bir müddət, “Bayern”də iş təcrübəsi olan Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb. O, ispan mütəxəssisdən futbol məşqçiliyinin bir çox sirlərini mənimsəyib. Məhz bu amil “Bayern”in güvəndiyi məqam kimi Kompaninin təyinatında həlledici olub. Yeri gəlmişkən, Qvardiola özü də vaxtilə “Bayern”ə rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: