İngiltərə Premyer Liqasının təmsilçisi “Börnli”nin baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani nalayiq davranışda ittiham edilib.
Arena.az BBC-yə istinadən məlumat verir ki, Kompani Premyer Liqanın 30-cu turunun “Çelsi” ilə səfər oyununda (2:2) meydandan qovulması ilə nəticələnmiş hərəkəti müqabilində İngiltərə Futbol Assosiasiyası (The FA) tərəfindən nalayiq davranışda ittiham edilib:
“İddia edilir ki, çalışdırıcının təxminən 40-cı dəqiqədə etdiyi hərəkətlər oyun rəsmisinə qarşı yersiz və yaxud təhqiredici olub və onun dürüstlüyünü şübhə altına alıb” – nəşr İngiltərə Futbol Assosiasiyasının bu xüsusda bəyanatından sitat gətirir.
Xatırladaq ki, Kompani, “Börnli”nin müdafiəçisi Lorents Assinyona qırmızı vərəqə göstərdiyi üçün hakimə “darğalıq” etdikdən sonra meydandan qovulub.
31 turdan sonra “Börnli” 19 xalla Premyer Liqanın yarış cədvəlində sonuncudan əvvəldi, 19-cu pillədə qərarlaşıb.
Vensan Kompani 2022-ci ilin iyul ayından “Börnli”yə rəhbərlik edir. Belçikadan olan 37 yaşlı mütəxəssis bu komandanı indiyə qədər 89 oyuna çıxarıb. “Börnli” bu görüşlərdə 40 qələbə qazanıb, 22 heç-heçə edib, 27 məğlubiyyətə üzülüb.
Kompani daha öncə Belçikanın “Anderlext” komandasına da rəhbərlik edib.


