Futbol üzrə Lüksemburq yığmasının hücumameyilli yarımmüdafiəçisi Vensan Till bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Lüksemburqdan olan 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Bu yay “Sabah”la yollarını ayırmış yarımmüdafiəçi yeni klubuna azad agent kimi qoşulub.
Xatırladaq ki, Vensan Till 2023-cü ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, paytaxt təmsilçisində 35 oyuna çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Lüksemburqlu futbolçu karyerası ərzində “Po”, AİK (Solna), “Orleans”, “Nasional”, “Örebro”, “Mets”, “Vorskla” kimi klubların da formasını geyinib.
Till 2016-cı ildə debüt etdiyi Lüksemburq yığmasında 57 oyun keçirib, 3 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.
“Zirə” daha öncə Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradov və Abdul Aziz Batibyeni də heyətinə qatmışdı. Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov, Hacıağa Hacılı və Georgi Papunaşvili isə paytaxt klubu ilə yeni müqaviləyə imza atıb. Rüstəm Əhmədzadə, Məqsəd İsayev və Pyer Zebli də qəsəbə təmsilçisindən ayrılıblar.


