Vensan Till “Zirə”yə lazım olmadı

Futbol üzrə Lüksemburq yığmasının hücumameyilli yarımmüdafiəçisi Vensan Till bu yay müqavilə bağladığı “Zirə”dən göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı lüksemburqlu oyunçu ilə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Xatırladaq ki, Vensan Till bu mövsümün əvvəlində “Sabah”dan azad agent kimi ayrıldıqdan sonra “Zirə”yə üz tutmuşdu. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanmışdı. Amma o, “qartallar”ın heyətində bircə oyun da keçirməyib. Zədəsi olan futbolçunun transferinin yanlış olduğunu klub rəhbərliyi bir neçə aydan sonra dərk edib.

Xatırladaq ki, Vensan Till 2023-cü ilin iyul ayından “Zirə”yə keçənə qədər “Sabah”ın uğurları üçün çalışırdı. O, paytaxt təmsilçisinin heyətində 35 oyuna çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, məhz “bayquşlar”ın şərəfini qoruyarkən ağır zədə keçirmiş, ondan sonra əvvəlki formasını bərpa edə bilməmişdi.

Lüksemburqlu futbolçu karyerası ərzində “Po”, AİK (Solna), “Orleans”, “Nasional”, “Örebro”, “Mets”, “Vorskla” kimi klubların da formasını geyinib.

Till 2016-cı ildə debüt etdiyi Lüksemburq yığmasında 57 oyun keçirib, 3 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: