Nigeriya millisinin və İtaliyanın “Napoli” klubunun hücumçusu Viktor Osimhen Afrikada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, ötən gün Afrikada 2023-cü ilin ən yaxşıları müəyyənləşib.
Mükafatlandırma mərasimində səsvermənin yekunları açıqlanıb və qaliblər elan edilib. Viktor Osimhen hamını qabaqlayaraq qitənin ən yaxşı futbolçusu seçilib. O, Məhəmməd Salah (“Liverpul”/Misir) və Əşrəf Hakimini (PSJ/Mərakeş) qabaqlayaraq qitəsinin ən yaxşı futbolçusu olub.
Xatırladaq ki, Osimhen 2022/2023 mövsümündə Neapol klubunda 26 qolla İtaliya çempionu və A Seriyasının bombardiri olub. Afrika Millətlər Kubokunun seçmə mərhələsində isə o, Nigeriya üçün 10 qol vuraraq yarışın ən qolçu oyunçusu adını qazanıb.
İlin ən yaxşı qapıçısı mükafatı “Əl-Hilal”dan (Səudiyyə Ərəbistanı) mərakeşli Yasin Bonoya verilib. Valid Riqraqi ən yaxşı baş məşqçi sayılıb. Onun rəhbərlik etdiyi Mərakeş millisi son Dünya Çempionatında yarımfinala vəsiqə qazanmışdı.


