Vladislav Kulaç bağışlandı, “Sumqayıt”ın şikayəti rədd olundu

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin futbolçusu Vladislav Kulaç ilə bağlı İntizam Komitəsinin çıxardığı qərarda dəyişiklik edib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalının bununla bağlı müvafiq qərarında qeyd olunur:

  1. “Zirə” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
  2. 05.11.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının 12-ci turunun “Sabah” – “Zirə” oyununun 90-cı dəqiqəsində “Zirə”nin futbolçusu Vladislav Kulaç təcavüzkar davranış etdiyinə görə futbolçunun 4 oyun cəzalanması, “Zirə”nin 3000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin 10 noyabr 2023-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilsin.
  3. Vladislav Kulaça təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 3 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş cəza şərti tətbiq edilsin.
  4. Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 12 noyabr 2023-cü il tarixdən etibarən müəyyən edilsin.
  5. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
  6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
  7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
  8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.

AFFA “Sumqayıt”ı və Samir Abasovu bağışlamadı

Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt”ın şikayəti ilə də bağlı müvafiq qərarlarını açıqlayıb:

  1. “Sumqayıt” klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
  2. 11.11.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının 13-cü turunun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan sonra qırmızı vərəqə aldığı üçün 1 oyun, həmçinin 19.09.2023-cü il tarixdə təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanması və “Sumqayıt”ın 1000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin 16 noyabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
  3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
  4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.

Apellyasiya Arbitraj Tribunalı daha bir mübahisəli məsələyə dair yeni qərar qəbul edib. Söhbət futbolçu Tural Bayramlının keçmiş komandası “Səbail”ə qarşı qaldırdığı təzminat davasından gedir.

Qərarda bunlar qeyd olunub:

“İddiaçı Tural Bayramlının cavabdeh “Səbail” klubuna qarşı “kompensasiya” tələbinə dair iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarından iddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən şikayətə baxılması iddiaçının özünün, cavabdeh tərəfin nümayəndəsinin iştirakının təmin edilməsi, işin çəkişmə prinsipi əsasında araşdırılması, eləcə də tam hərtərəfli və obyektiv baxışın aparılması məqsədilə təxirə salınmışdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: