Ukraynanın “Dinamo” (Kiyev) klubunun hücumçusu Vladislav Kulaç bundan sonra karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək. Arena.az xəbər verir ki, paytaxt təmsilçisindən ayrılan 29 yaşlı forvard “Zirə” ilə anlaşıb.
Bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, ukraynalı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb. “Zirə”nin bu transferə görə “Dinamo”ya hansısa məbləğ ödəyib-ödəmədiyi məlum deyil. Çünki hələ Kulaçın Kiyev təmsilçisi ilə müqaviləsinin başa çatmasına hələ 6 ay var idi.
Vladislav Kulaç Donetsk “Şaxtyor”unun yetirməsidir. O, ölkəsində “Şaxtyor”dan başqa “İliçevets” (Mariupol), “Metallurq” (Zaporojye), “Stal” (Dnepropetrovsk), “Zarya” (Luqansk), “Vorskla” (Poltava), “Aleksandriya” kimi klubların da formasını geyinib. Türkiyənin “Əskişəhərspor” və Macarıstanın “Honved” klublarında legioneri həyatı da yaşamış futbolçu, 2021-ci ilin iyul ayından “Dinamo”da forma geyinirdi. O, paytaxt təmsilçisində cəmi 7 matça çıxıb və 1 qol vurmağı bacarıb.
Kulaç vaxtilə Ukraynanın U-17, U-18, U-19 və U-21 yığmalarında da forma geyinib.


