Vüsal İsgəndərli Albaniya klubu ilə müqavilə bağladı

Futbol üzrə Azərbaycan millisinin və “Sumqayıt”ın yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun prezidenti Agim Demrozi “PanoramaSport” nəşrinə açıqlamasında bildirib.

O, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzaladıqlarını bəyan edib.

“Eqnatiya” Albaniya Super Liqasında geridə qalan mövsümü 52 xalla 3-cü pillədə başa vurub. İsgəndərlinin yeni komandası qarşıdakı mövsümdə Avropa Konfrans Liqasında mübarizə aparacaq.

Xatırladaq ki, Vüsal İsgəndərli ötən mövsümü “Sumqayıt”da keçirib. O, 2022-ci ilin iyulunda qoşulduğu bu klubun heyətində 35 oyuna çıxıb, 6 qol və 3 assistlə yadda qalıb. Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”), “Zirə” və “Simurq”da da oynamış yarımmüdafiəçi 2021/2022 mövsümündə Türkiyənin “Keçiörengücü” klubunda da legioner həyatı yaşayıb. O, Azərbaycan millisində 3 oyun keçirsə də, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: