Vüsal İsgəndərli Albaniya Super Kubokunun qalibi ola bilmədi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya Super Kuboku uğrunda oyunda “Partizani” ilə qarşılaşıb.

“Eqnatiya” bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb. 1:0 hesabıyla qalib gələn “Partizani” Albaniya Super Kubokunu muzeyinə götürüb.

Vüsal bu matça start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. O, 71-ci dəqiqədə sarı vərəqə də alıb. Cari mövsümdə Albaniya çempionatında 6 qol və 2 məhsuldar ötürmə müəllifi olmuş azərbaycanlı futbolçu bu dəfə də fərqlənə bilməyib.

Xatırladaq ki, “Eqnatiya” Albaniya çempionatında 17 turdan sonra 37 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb. “Partizani” isə 32 xalla ikincidir.

“Partizani” ötən mövsüm Albaniya çempionu olubsa, “Eqnatiya” ölkə kubokunu qazanıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu ilin yayında “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 19 oyuna çıxıb, 6 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: