Vüsal İsgəndərli “Boluspor”da – Rəsmi

Azərbaycan millisinin və Albaniyanın “Eqnatiya” klubunun yarımmüdafiəçisi Vüsal İsgəndərli bundan sonra Türkiyədə çıxış edəcək.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu “Boluspor”la razılığa gəlib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Vüsal İsgəndərli bu mövsümün əvvəlindən Albaniyanın “Eqnatiya” klubunun formasını geyinirdi. Hücumameyilli yarımmüdafiəçi həmin vaxt bu klubla 3 illik müqavilə imzalamışdı. “Boluspor”un Vüsalın transferinə görə nə qədər təzminat ödədiyi açıqlanmır.

İsgəndərli ötən mövsümü “Sumqayıt”da keçirib. O, 2022-ci ilin iyulunda qoşulduğu bu klubun heyətində 35 oyuna çıxıb, 6 qol və 3 assistlə yadda qalıb. Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”), “Zirə” və “Simurq”da da oynamış yarımmüdafiəçi 2021/2022 mövsümündə Türkiyənin “Keçiörengücü” klubunda da legioner həyatı yaşayıb. O, Azərbaycan millisində 3 oyun keçirsə də, fərqlənə bilməyib. Vüsalın bu mövsüm “Eqnatiya”da keçirdiyi 20 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə etdiyini də xatırladaq.

“Boluspor” hazırda Türkiyə 1-ci Liqasında mübarizə aparır. Vüsalın yeni komandası 2023/2024 mövsümünün geridə qalmış hissəsində 17 oyun keçirib, 6 qələbə qazanıb, 4 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. Sözügedən komanda 22 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: