Vüsal İsgəndərli “Eqnatiya”ya Tiranada qələbə qazandırdı – Video

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 17-ci turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb. Üç qolluq matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Vüsal bu matça start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə Albaniya çempionatında 5 qol və 2 məhsuldar ötürmə müəllifi olmuş azərbaycanlı futbolçu bu dəfə də fərqlənib. O, 80-ci dəqiqədə komandasının qələbə qoluna imza atmaqla yekun nəticəni müəyyənləşdirib.

“Eqnatiya” 17 turdan sonra 37 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu ilin yayında “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 18 oyuna çıxıb, 6 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Matçın videoyazısını aşağıdakı “Youtube” linkinə keçid etməklə izləyə bilərsiniz:

Xəbəri sosial şəbəkələrdə paylaş: