Vüsal İsgəndərli “Girəsunspor” üzərində qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 26-cı turu çərçivəsində baş tutan “Girəsunspor”la oyunun iştirakçısı olub.

“Boluspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 12-ci qələbəsidir. Futbolçumuzun komandası digər oyunlarda 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

İsgəndərli bu oyunun 88-ci dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 8 matça çıxıb.

26 turdan sonra “Boluspor” 42 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: