Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 16-cı turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutan bu qarşılaşmadan xal itkisi ilə ayrılıb. Dörd qolluq matç heç-heçə bitib – 2:2.
Vüsal bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib. Cari mövsümdə Albaniya çempionatında 5 qol və 2 məhsuldar ötürmə müəllifi olmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.
“Eqnatiya” 16 turdan sonra 34 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu ilin yayında “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 17 oyuna çıxıb, 5 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.


