Vüsal İsgəndərli “Tirana” üzərində qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 15-ci turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 79-cu dəqiqəsində əvəzlənib.

“Partizani” 15 turdan sonra 20 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. Sözügedən komanda 15 oyunda 5 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 14 oyuna çıxıb, 2 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: