Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 6-cı turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.
“Partizani” doğma meydanda baş tutmuş bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:3. İsgəndərli bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Partizani” 6 turdan sonra 4 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 9-cu pillədə qərarlaşıb. Sözügedən komanda 6 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 5 oyuna çıxıb, 2 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.


