Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 31-ci turu çərçivəsində baş tutmuş “Bandırmaspor”la oyunun iştirakçısı olub.
“Boluspor” doğma meydanda baş tutan bu oyundan xal itkisi ilə ayrılıb – 0:0.
İsgəndərli qarşılaşmanın 72-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçu diqqət mərkəzinə düşə bilməyib.
“Boluspor” 31 oyuna topladığı 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Vüsalın komandası bu oyunlarda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 33 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.


