Vüsal İsgəndərli üçün Super Liqa şansı bir az da artdı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Türkiyə Super Liqasına vəsiqə yolunda daha bir inamlı addım atıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə qələbə ilə başlayıb.

Belə ki, Bolu təmsilçisi pley-offun 1/4 finalında “İstanbulspor”la qarşılaşıb. Tək oyundan ibarət bu mübarizənin yekununda sevinən tərəf “Boluspor” olub. Vüsalın komandası 2:1 hesablı qələbəyə sevinməklə yarımfinala yüksəlib. İsgəndərli bu görüşdə sonadək ehtiyatda qalıb.

Beləliklə, “Boluspor” pley-offun finalına çıxmaq üçün yarımfinalda “Bandırmaspor”la qarşılaşacaq. Hansı ki, bu komanda da “Ərzurumspor”u 2:0 hesabıyla məğlub edib. “Boluspor”la “Bandırmaspor” arasındakı ilk qarşılaşma mayın 19-da Boluda keçiriləcək. Cavab qarşılaşması isə mayın 23-də baş tutacaq. İki oyunun nəticəsinə əsasən qalib gələcək komanda Super Liqaya vəsiqə uğrunda final görüşündə Birinci Liqada mövsümü 3-cü sırada bitirmiş “Fatih Karagümrük”lə qarşılaşacaq.

Xatırladaq ki, Birinci Liqanın cari mövsümünün qalibi olmuş “Kocaelispor” və ikinci yeri tutmuş “Gənclərbirliyi” Super Liqaya birbaşa vəsiqə qazanıblar. Son dörd pillədə yer almış “Ankaragücü”, “Şanlıurfaspor”, “Adanaspor” və “Yeni Malatyaspor” klubları İkinci Liqaya yuvarlanıblar.

Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 39 matça çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Vüsal İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: