Vüsal İsgəndərlinin komanda yoldaşı oyun zamanı öldü – Video

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya”nın hücumçusu Rafael Dvamena oyun vaxtı ölüb.

Arena.az xəbər verir ki, qanalı futbolçu çempionatın 13-cü turu çərçivəsində keçirilən “Partizani” ilə matçın 24-cü dəqiqəsində qəflətən yerə yıxılıb.

Huşunu itirən 28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçu ürəktutmadan həyatını itirib. Həkimlər Rafaelin ürəyinin meydanda dayandığını bildiriblər.

Qeyd edək ki, Qana millisinin sabiq üzvü “Sürix”, “Levante”, “Saraqosa”da da çıxış edib.

“Eqnatiya” – “Partizani” matçı baş vermiş faciəvi hadisə ilə əlaqədar yarıda qalıb. Həmin vaxt oyunda hesab 1:1 olub. Vüsal bu matçın ehtiyat oyunçular skamyasında yer alıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu ilin yayında “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 14 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: