“Araz”ın hücumçusu Xətai Bağırov futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün “Yunayted Qalati”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, Rumıniya təmsilçisi üzərində 5:3 hesablı qələbə qazandıqları oyunla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Maraqlı oyun oldu. Biz yaxşı başladıq, ardıcıl qollar vurduq. Bundan sonra sanki bir qədər arxayınlaşdıq. Daha doğrusu, tələsirdik. Halbuki, sakit oynamalı, rəqibin boşluqlarından istifadə etməli olduğumuz vəziyyətdə özümüz boşluqlar verdik. Nəticədə hesab bərabərləşdi. Sanki bundan sonra ayıldıq. Fasiləyə üstün yollanmağımız isə xeyrimizə oldu. Oyunun sonlarına yaxın rəqib əsasən 5 meydan oyunçusu ilə mübarizə apardı. Buna görə də çox qaçmalı olduq”.
Xətai Bağırov qrupdan çıxmaq şanslarına da toxunub: “Vacib olan qələbə qazanmaq idi, şükür ki, bunun öhdəsindən gəldik. Hələ ki, növbəti mərhələyə yüksəlməklə bağlı heç nə bilinmir. Bu gün keçiriləcək “Uraqan” – “Ligeni” oyununda çox suallara aydınlıq gətiriləcək. Meydan sahibləri qələbə qazansa, vəsiqəni də onlar qazanacaq. “Ligeni” 3 xalla ayrılsa, yeganə vəsiqənin sahibinin adı axırıncı oyunlardan sonra bilinəcək. Ümidliyik, sona qədər gözləyəcəyik”.


