“Neftçi” yarımmüdafiəçiləri – Xəyal Nəcəfov və Turan Vəlizadə ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, onların müqavilələri 1 il müddətinə – 2023/2024 mövsümünün sonunadək artırılıb. Hər iki futbolçunun klubla əvvəlki sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər idi.
“Neftçi”nin açıqladığı digər xəbərə görə, hər iki yarımmüdafiəçi 2022/23 mövsümünün sonunadək “Turan Tovuz” klubuna icarəyə verilib. Turanın Tovuz klubuna icarəyə verilməsi daha öncədən bəlli idisə, paytaxt təmsilçisi Xəyalı da elitanın köhnə-yeni iştirakçısına göndərib.
Xəyal Nəcəfov 2021-ci ilin yayında “Sumqayıt”dan 100 min manat qarşılığında “Neftçi”yə transfer olunmuşdu. O, “ağ-qaralar”ın heyətində 26 oyunda forma geyinib.
Son iki mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş Turan Vəlizadə isə 2018-2020-ci illər ərzində “Neftçi”nin əsas komandasının heyətində 2 rəsmi oyunda meydana çıxıb.
“Neftçi” bu yay “Şamaxı”da icarədə olan Rəhman Hacıyevi geri qaytarıb, həmçinin Ataa Caber və Qodsvey Donyonu transfer edib. Əvəzində paytaxt klubu Hüqo Basto, Kamran İbrahimov, Emin Zamanov və Ramon Maçado ilə yollarını ayırıb.


