“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 19-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü qolsuz yekunlaşıb – 0:0.
Xorxe Kaskilya qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda oyunun necə vacib olduğunu başa düşürdü. Erkən qol vurmaq istəyirdik. Rəqib xırda foullarla oyunun tempini aşağı salırdı. Birinci hissədə təhlükəli vəziyyətlər az idi. İkinci hissədə meydançanın vəziyyəti daha da pisləşdi. Amma komandam qol vurmaq üçün çalışırdı. Hər iki komanda başa düşürdü ki, xal itirmək olmaz. “Kəpəz”lə aramızda 6 xal fərq var. Fərqi qoruya bildik. Qol vurub fərqi artırmaq istəyirdik, amma alınmadı. Nəticənin qənaətbəxş hesab edirəm. Bütün oyunlara qələbəni düşünərək çıxırıq. Bu gün uduzmamaq çox vacib idi.
Portuqal mütəxəssis yeni transfer, həmyerlisi Dioqo Kardosonun oyununu da dəyərləndirib:
“Hələ fikir bildirmək üçün tezdir. 5 gün bizimlə məşq edib. Komandaya uyğunlaşması üçün bir az vaxt lazımdır. Hücum xəttinə köməyi dəydi. Sürətli, texnikalı oyunçudur”.
Baş məşqçi futbolçusu Azər Salahlının durumundan da söz açıb:
“Zədə boyun nahiyəsində idi. Hərəkət etməkdə çətinlik çəkirdi. Tibbi müayinədən keçməlidir. Ümid edirik ki, ciddi zədə deyil”.


