Bu yay İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılmış Xuan Mata özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bundan sonra karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirəcək.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə futbolçu ilə danışıqlara start verildiyi bildirilib. İspaniyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə bağlamaq üçün İstanbula gəlib. Transferin qısa zamanda tam rəsmiləşməsi gözlənilir.
Xuan Mata Madrid “Real”ının yetirməsidir. O, bu klubun əvəzedici komandasında oynasa da, əsas komandada forma geyinməyib. 2007-ci ildə “Valensiya”ya keçən yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib.
Karyerası boyunca 633 rəsmi matça çıxan Xuan Mata 140 qola imza atıb. O, İspaniya yığmasında da 41 oyun keçirib, 10 qol vurub.