Xulio Velaskes: “Artıq diqqətim “Sabah”la oyundadır”

“Levski”nin (Sofiya) baş məşqçisi Xulio Velaskes bildirib ki, artıq Avropa Konfrans Liqasında “Sabah”la qarşıdakı oyunu düşünməyə başlayıb.

Arena.az xəbər verir ki, o, bu barədə Bolqarıstan çempionatının 3-cü turu çərçivəsində “Slaviya”ya qarşı keçirdikləri oyundan sonra açıqlama verib.

“Levski” doğma meydanda baş tutmuş Sofiya derbisindən 2:0 hesablı qələbə ilə ayrılıb. Avropa Liqasında “Braqa”ya qarşı ötən həftə keçirilmiş təsnifat mərhələsinin oyunu ilə müqayisədə heyətdə 8 dəyişiklik olsa da, “Levski” “Slaviya”dan üstün oyun göstərib. Bu nəticə “göylər”i Bolqarıstan çempionatının turnir cədvəlində yenidən zirvəyə yüksəldib (3 oyun, 3 qələbə).

Xulio Velaskes oyundan sonra keçirilmiş mətbuat konfransında jurnalistlərə bildirib ki, məqsədləri həm yaxşı oyun nümayiş etdirmək, həm də qalib gəlməkdir:

“Fəlsəfəmiz yalnız qol buraxmamaq üzərində qurulmayıb. Əksinə, biz daim qarşı tərəfin qapısına yol tapmağa çalışırıq. Amma bu, müdafiədəki məsuliyyətimizi aradan qaldırmır. Əgər hücumda yaxşı oynayırıqsa, bu, müdafiəyə də müsbət təsir edir. Biz müdafiədən hücuma keçməyə çalışan komanda deyilik – əksinə, hücumdan başlayırıq. Üç oyundan üç qələbə qazanmaq bizi çox sevindirir”.

43 yaşlı ispan mütəxəssis həmçinin “Sabah”la qarşıdakı oyunlardan da söz açıb: “Artıq diqqətim “Sabah”la cümə axşamı keçiriləcək oyundadır. Futbolun ən gözəl tərəfi komanda ilə azarkeşlər arasında olan bağlılıqdır. Belə azarkeşlərin qarşısında oynamaq inanılmaz bir hissdir və onlara ürəkdən təşəkkür edirəm. Bunu hamımız hiss edirik. Komanda canlıdır, bütün oyunlarda futbolçular 100 faiz güclə çıxış edirlər. Azarkeşlər də bunu qiymətləndirir. Möhtəşəm kollektivi olan bir komandamız var və bu “komanda ruhu”nu hiss etmək mənim üçün çox önəmlidir”, deyə Xulio Velaskes vurğulayıb.

Xatırladaq ki, “Levski” ilə “Sabah” arasında Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: