“Qarabağ”ın futbolçuları Marko Yankoviçlə Marko Veşoviçin çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi bu komanda səfərdə Çexiya yığması ilə qarşılaşıb.
Monteneqro millisi bu görüşdə 0:2 hesablı məğlubiyyətə üzülüb.
“Qarabağ”ın futbolçuları, eləcə də “Neftçi”nin üzvü Ervin Kuç bu oyuna start heyətdə başlayıblar. Yankoviç sona qədər oynayıb. Kuç 62-ci dəqiqədə Stefan Lonkarla, Veşoviç isə 84-cü dəqiqədə Marko Vukçeviçlə əvəzlənib. “Qarabağ”ın müdafiəçisi 45+2-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Seçmə mərhələdə ilk məğlubiyyətini alan Monteneqro millisi 3 oyundan sonra 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Komanda növbəti oyununu sentyabrın 5-də öz meydanında yenə Çexiyaya qarşı keçirəcək. İyunun 9-da isə “Neftçi” və “Qarabağ”ın legionerlərini Ermənistan yığması ilə sınaq matçı gözləyir.


