Bu yay “Neftçi”dən ayrılmış belaruslu mərkəz hücumçusu Yeqor Boqomolski bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, azad agent statusuna malik 25 yaşlı hücumçuyla 2 illik müqavilə imzalanıb.
Yeqor Boqomolski Belarusun “Dinamo” (Minsk) klubunun yetirməsidir. O, 2019-cu ildə Brest “Dinamo”suna keçib və 2019/2020 mövsümünü sözügedən komandada keçirib. 2020-ci ildə isə hücumçu Brestin digər təmsilçisi “Rux”a keçib. 2020/2021 mövsümünü “Rux”da keçirən futbolçu, 2022-ci ildə də “Minsk”in uğurları üçün çalışıb. O, 2019-cu ildə Brest “Dinamo”sunun heyətində ölkə çempionu olub.
“Neftçi” Boqomolskini 2022-ci ilin yayında 100 min avro müqabilində “Minsk”dən transfer etmişdi. Belaruslu hücumçu paytaxt təmsilçisinin heyətində 81 oyuna çıxıb, 11 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu 2022-ci ilin yayında bu ölkənin əsas millisində debüt edib. O, Belarus millisində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Xatırladaq ki, “Zirə” bundan əvvəl “Şamaxı”dan ayrılmış Brahim Konateni də transfer etmişdi. “Qarabağ”dan icarəyə götürülmüş Rüstəm Əhmədzadə ilə də yollar ayrılıb.


