“Kəpəz”in kapitanı Yeqor Xvalko AZAL-ın sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması barədə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, belaruslu mərkəz müdafiəçisi Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında əvvəlcə bunları söyləyib:
“Bu, böyük faciədir. Bu xəbəri eşidəndə şoka düşdüm. Qəzalardan heç kim sığortalanmayıb”.
27 yaşlı müdafiəçi hadisənin onun üçün də çox kədərli olduğunu deyib: “Hamımız insanıq, bir gün öncə özüm təyyarə ilə Bakıdan vətənə dönmüşəm. Hava nəqliyyatından istifadə etmişəm. Bu hadisə hər birimizin başına gələ bilər. İstəyimiz gələcəkdə belə qəzaların baş verməməsidir. Xoşbəxtlikdən digər sərnişin daşınma növləri ilə müqayisədə təyyarələrin qəzaya uğraması nadir haldır. Amma yenə də kədərlidir. İnsanlar həyatını itirirlər. Tez-tez təyyarədən yararlananan biri kimi deyə bilərəm ki, uçuşlar mənim üçün stressdir. Hadisə zamanı həlak olanların doğmalarına başsağlığı verirəm, yaralıların tezliklə ayağa qalxmasını arzulayıram”.
Yeqor Xvalko qəza ilə bağlı sosial şəbəkədəki səhifəsində post paylaşıb, dəstəyini ifadə edib: “Hazırda əlimdən gələn budur, hamımız sağ qalanlar üçün dua edirik. Biz mənəvi dəstəyimizlə bu ağır hadisənin qurbanları olan insanların yaxınlarına, yaralılara kömək edə bilərik. Öyrənmişəm ki, həlak olanlar, yaralılar arasında bizim Gəncədən olanlar da var”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.


