Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2022/23 mövsümünün pley-off mərhələsinin və final matçının təqvimi bəlli olub. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Əsasnaməyə görə, əsas mərhələni ilk “4-lük”də başa vuran komandalar mübarizəni pley-offda davam etdirəcəklər. Birinci pillənin sahibi dördüncü, ikinci yeri tutan komanda isə özündən sonrakı pillədə yer alan kollektivlə üz-üzə gələcək. Bu mərhələdə 2 qələbə qazanan komandalar finalda gücünü sınayacaqlar. Məğlublar isə bürünc medalçının adını müəyyənləşdirəcəklər.
Pley-off mərhələsində oyunların əsas vaxtı heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət daha iki hissədə mübarizə aparacaqlar. Yenə hesabdakı tarazlıq pozulmazsa, penaltilər seriyasına yer veriləcək.
Pley-off mərhələsinin oyunları mayın 4-də və 8-də keçiriləcək. Bu iki oyun günündə finalçıların hər ikisi müəyyənləşməsə, növbəti oyun mayın 11-də baş tutacaq. Mövsümə isə mayın 15-də yekun vurulacaq. Əvvəlcə 3-cü yer uğrunda oyun baş tutacaq. Daha sonra isə final oyunu təşkil olunacaq. Yekunda komandalar mükafatlandırılacaqlar. Bu mərhələnin bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, hazırda Yüksək Liqa çərçivəsində əsas mərhələnin oyunları keçirilir. Geridə qalan 17 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:
1. Araz Naxçıvan – 49
2. Baku Fire – 40
3. Neftçi İK – 32
4. Record – 18
5. Alyans – 6
6. U-19 – 6
18-cu turun oyunları aprelin 22-də “Olimpik Star”da keçiriləcək.


