Azərbaycanlı mütəxəssis Zaur İsmayılov Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”nın əsas komandasına baş məşqçi təyin edilib.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Vurğulanır ki, lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov “Araz-Naxçıvan”nın əsas komandasının baş məşqçisi vəzifəsinə gətirilib.
Rəhbərliyin klubdaxili qərarına əsasən Azərbaycan Premyer Liqasının 2026/2027-ci il mövsümündə əsas komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub.
Xatırladaq ki, Cavid Hüseynov vaxtilə “Şamaxı”nın baş məşqçisi təyin olunanda da oxşar vəziyyət yaranmışdı. Premyer Liqa təmsilçisinə Hüseynov rəhbərlik etsə də, rəsmiyyətdə komandanın baş məşqçisi Vüqar Əsgərli idi. Həmin dövrdə Cavid Hüseynovun rəhbərliyi altında “Şamaxı” Premyer Liqada sonuncu yeri tutmuşdu.
İndi də “Araz-Naxçıvan”ın heç bir məşqçilik uğuru olmayan, adicə PRO kateqoriyası ala bilməyən məşqçiyə qucaq açması böyük suallar doğurur. Görünür, klub başbilənləri bütün uğursuzluqları gözə alıblar və bu yolu məhz Cavid Hüseynovla keçməkdə israrlıdırlar.


