“Zirə” Alıyev və Nəzirovla yeni müqavilə bağladı

2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanan “Zirə” 3 futbolçusu ilə müqavilə müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Qismət Alıyevlə 2, Anar Nəzirovla isə 1 illik yeni müqavilə bağlanılıb.

Bundan başqa ötən mövsümü icarə əsasında qəsəbə təmsilçisində keçirən Fuad Bayramov da sözügedən komandada qalıb. Paytaxt klubu onu “Şamaxı”dan birdəfəlik transfer edib. Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, sol cinah müdafiəçisi olan Fuad Bayramov daha öncə “Sumqayıt”ın ikinci komandasında və “Turan Tovuz”da da oynayıb. Bayramov 2021-ci ilin iyul ayından 2023-cü ilin iyuluna kimi “Şamaxı”nın formasını geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 37 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

2023-cü ilin yayında icarə əsasında “Zirə”yə keçmiş Fuad, paytaxt təmsilçisinin heyətində 31 oyuna çıxıb. Bu oyunlarda 2 qol vurmuş müdafiəçi 1 assistlə yadda qalıb.

Sağ cinah müdafiəçisi olan Qismət Alıyev 2020-ci ilin oktyabr ayından bu komandanın formasını geyinir. Daha öncə “Qəbələ”də də oynamış 27 yaşlı futbolçu qəsəbə təmsilçisinin heyətində 136 oyuna çıxıb. O, bu oyunlarda 10 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış futbolçu əsas millimizdə 10 oyuna çıxıb.

Anar Nəzirov isə 2021-ci ilin iyulundan Zirənin eyniadlı təmsilçisinin formasını geyinir. O, 2015-2019-cu illər aralığında da bu klubun uğurları üçün çalışıb. 33 yaşlı qolkiper “Turan Tovuz” və “Sumqayıt”da da çıxış edib, Azərbaycanın əsas millisində 4 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: