“Zirə” Konfrans Liqasında tarixi matça çıxır

“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2024/2025-ci illər mövsümündə növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin pley-off mərhələsində Kipr klubu “Omoniya” ilə qarşılaşacaq.

Bu komandaların ilk görüşü Nikosiyadakı “GSP Arena”da baş tutacaq. Bakı vaxtı ilə 21:00-da start götürəcək qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

“Omoniya” cari mövsümdə avrokubok mübarizəsinə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb. Startda Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə qarşılaşan zirəlilərin rəqibi evdə 3:1, səfərdə 2:1 hesablı qələbəyə sevinib. 3-cü təsnifat mərhələsində isə bu komanda Macarıstan “Fehervar”ını mübarizədən kənarlaşdırıb – evdə 1:0, səfərdə 2:0.

Göründüyü kimi, “Omoniya” cari mövsümdə qələbələri sıralamaqdadır. Ümid edək ki, “Zirə” Kipr təmsilçisinin bu uğurlu seriyasına son qoymağı bacaracaq.

Azərbaycan təmsilçisi isə cari mövsümə Avropa Liqasından başlayıb. Bu turnirin 1-ci təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşmış Rəşad Sadıqovun komandası səfərdə 1:0 hesablı qələbə qazansa da, evdə 1:2, penaltilərdə də 4:5 hesabıyla uduzaraq Avroliqa ilə vidalaşıb. Mübarizəni Konfrans Liqasında davam etdirən təmsilçimiz bu turnirin 2-ci raundunda Slovakiyanın “Dunayska Streda” komandasını üstələyib – evdə 4:0, səfərdə 2:1. 3-cü raundda isə təmsilçimiz Xorvatiya “Osiyek”indən güclü olub – səfərdə 1:1, evdə 2:2, penaltilər 2:1.

Beləliklə, “qartallar” tarixi uğura imza ataraq pley-offa vəsiqə qazanıblar. İndi Rəşad Sadıqovun komandası daha bir tarix yazaraq Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq şansına malikdir.

Sonda onu da xatırladaq ki, “Omoniya” tarixində üçüncü dəfə avrokuboklarda Azərbaycan klubu ilə üz-üzədir. Bu komanda ötən il “Qəbələ” ilə qarşılaşmış, Qəbələdə 3:2, Nikosiyada isə 4:1 hesablı qələbələrə sevinmişdi. Əvəzində “Qarabağ” 2021/22 mövsümündə Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub etmiş, Bakıda isə 2:2 hesablı heç-heçə ilə kifayətlənmişdi.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunu
22 avqust

21:00. Omoniya – Zirə
Hakimlər: Yuri Frişer, Veyko Motsnik, Sander Saqa, Kristo Küllyastinen (Hamısı Estoniya).
Nikosiya. “GSP Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: