Azərbaycanı Konfrans Liqasında təmsil edən “Zirə”, “Sumqayıt” və “Sabah” komandaları bu gün 2-ci təsnifat mərhələsində ilk matça çıxacaqlar.
Arena.az xəbər verir ki, digər iki klubumuzdan fərqli, “Zirə” cari mövsümdə artıq ilk rəsmi matçını keçirib.
Avrokubok mübarizəsinə Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlamış Rəşad Sadıqovun komandası Moldovanın “Şerif” kollektivinə səfərdə 1:0 hesabıyla qalib gəlsə də, Bakıdakı oyunda bu uğurun davamını gətirə bilmədi. Cavab matçının əsas vaxtında 1:2 hesabıyla uduzan zirəlilər penaltilər seriyasında da uğur qazana bilməyincə, Avroliqada mübarizəni erkən başa vurdular. Amma indi qəsəbə təmsilçisi Konfrans Liqasında uğur qazanmağa çalışacaq. Bu yolda rəqib “Şerif”dən də iddialı görünən Slovakiya təmsilçisi “Dunayska Streda”dır. Cavab qarşılaşması Slovakiyada olacağı üçün, “Zirə” doğma meydanda sərfəli hesabla qalib gəlməyə borcludur. Əks halda səfərdə növbəti mərhələyə vəsiqə qazanmaq çətin olacaq.
Digər iki klubumuz isə yeni mövsümdə ilk avrokubok sınağına çıxacaq. Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq “Sumqayıt” da ilk matçını doğma meydanda keçirəcək. Bu üzdən Samir Abasovun yetirmələri də ev oyununda qələbə qazanmalıdır ki, səfərdə işləri çətin olmasın.
İsrail nəhənglərindən Hayfa “Makkabi”sinə rəqib olan “Sabah” isə bu komanda ilə ilk sınağına səfərdə çıxacaq. “Bayquşlar” məlum səbəblərdən “Makkabi” ilə Macarıstanda üz-üzə gələcəklər. Bir həftə sonra doğma meydanda mərhələ adlamaq şansını saxlamaq üçün “Sabah” səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
25 iyul
20:00. “Sumqayıt” – “Fehervar”
Hakimlər: Florian Lata, Culio Mani, Reydi Zaimi, Kresnik Çyapi (hamısı Albaniya).
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
20:30. “Zirə” – “Dunayska Streda”
Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias Balsa, Yasmin Sabotiç (hamısı Lüksemburq)
Bakı. “Dalğa Arena”.
21:15. “Makkabi” (Hayfa) – “Sabah”
Hakimlər: Natan Verbumen, Matias Hillart, Ruben Vins, Uesli De Kremer (hamısı Belçika).
Kişvarda. “Kişvarda” stadionu.


