“Zirə” – “Torpedo” matçı iki yubileylə tarixə düşdü

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” – “Torpedo” (Kutaisi, Gürcüstan) matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Sumqayıtda baş tutmuş oyun Azərbaycan klublarının qitəmiqyaslı klub turnirlərində keçirdiyi ümumilikdə 500-cü qarşılaşma kimi tarixə düşüb.

Təmsilçilərimiz UEFA Çempionlar Liqasında 120, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 283, Konfrans Liqasında 63, Kuboklar Kubokunda 8, İntertoto Kubokunda 26 görüşə çıxıblar. Bu qarşılaşmalardan ikisi nəticəsi ləğv olunduğu, biri baş tutmadığı üçün texniki nəticə ilə yekunlaşıb. Həmin texniki nəticələri nəzərə almaqla 159 qələbə qazanmış klublarımız 112 heç-heçə ediblər və 229 dəfə uduzublar.

Qitə kuboklarında debüt 1994/1995-ci illər mövsümündə gerçəkləşib. 1994-cü il avqustun 9-da “Turan” Türkiyədə “Fənərbağça”ya 0:5 hesabı ilə uduzub.

“Zirə”nin futbolçusu Ruan Renatonun “Torpedo” ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub. Texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-dur.

Azərbaycan komandalarının ilk qolu 1995/1996-cı illər mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilmiş “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

Xatırladaq ki, “Zirə” Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması gələn həftə Kutaisidə təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: