“Zirə”nin rəqibi “Torpedo” evdə xal itirdi

Azərbaycan təmsilçisi “Zirə”nin Avropa Konfrans Liqasındakı rəqibi olan Kutaisi “Torpedo”si Gürcüstan çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Kutaisi təmsilçisi öz meydanında “Spaeri” ilə qarşılaşıb.

19-cu tur çərçivəsində baş tutmuş bu görüşdə qalib müəyyənləşməyib. Tərəflər meydanı qolsuz bərabərliklə tərk ediblər – 0:0.

Ardıcıl 3 oyun idi uduzan “Torpedo” məhz bu heç-heçə sayəsində uğursuz gedişata son qoyub. Komanda 4 oyundur qələbəyə həsrətdir.

“Zirə”nin rəqibi cari mövsümdə keçirdiyi 19 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. 30 qol vurmuş komanda öz qapısından 19 top buraxıb. 27 xalı olan Kutaisi təmsilçisi 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisinin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də “Sumqayıt Arena”da baş tutacaq. Bu komandaların cavab görüşü isə iyulun 16-da Kutaisidə təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: