Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Vestri” ilə ilk oyunu “Qarabağ”ın fransalı sol vingeri Abdullah Zubir üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Zubir bu oyunda komandasının qələbəsinə bir qolla töhfə verib.
Bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb. Əvvəl UEFA Kuboku, sonradan Avropa Liqası adlanan turnirdə keçirilmiş əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdular. “Qarabağ”ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.
Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/1996-cı illər mövsümündə qeydə alınıb. UEFA Kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.
“Qarabağ” “Vestri”yə qarşı cavab oyununu gələn həftə səfərdə keçirəcək.


