“Qarabağ”ın kapitanı, fransalı cinah hücumçusu Abdullah Zubir beş məşhur futbolçunun avrokuboklardakı nailiyyətini təkrarlayıb.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu buna Danimarkanın “Kopenhagen” komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyununda fərqlənməklə nail olub.
Zubir ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində qol vuran 6 oyunçudan birinə çevrilib.
“Real”da çıxış etmiş Kilian Mbappe, “Bayern”in hücumçusu Harri Keyn, “Liverpul”dan Məhəmməd Salah, “İnter”dən Lautaro Martines və “Atletiko”nun hücumçusu Antuan Qrizmann da bunu bacarıb.
Xatırladaq ki, “Qarabağ” ötən gün “Kopenhagen”i Tofiq Bəhramov adına Respublika stadionunda 2 cavabsız qolla üstələyib. Fransalı futbolçu bu matça start heyətdə başlayıb. O, 28-ci dəqiqədə qol vurub, 90-cı dəqiqədə əvəzlənib. Azərbaycan çempionu bu nəticədən sonra 6 xalla 6 şərikli liderdən (“Bayern”, “Real”, PSJ, “İnter”, “Arsenal” və “Qarabağ”) biridir.


