Zurab Oçiqava “Sabah”a lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı olan “Sabah” müdafiəçisi Zurab Oçiqava ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı futbolçu ilə mövsümün sonunda bitən müqavilənin müddəti yenilənməyib.

Oçiqavaya kluba xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Zurab Oçiqava 2021-ci ilin fevral ayından “Sabah”da forma geyinirdi. 28 yaşlı mərkəz müdafiəçisi bu komandanın heyətində cəmi 36 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ukraynanın U-20 və U-21 yığmalarının sabiq üzvü “Levadiya”, “Olimpik” (Donetsk), “Dinamo” (Kiyev), “Dnepr”, “Mariupol” və “Vorskla”da da forma geyinib.

“Sabah”da daha öncə digər mərkəz müdafiəçisi Abdulaye Ba da komandadan ayrılmışdı. Paytaxt klubu hələlik yalnız “Şamaxı”dan Rəhman Daşdəmirovu transfer edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: