Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “İmişli” klubu baş məşqçisi Əsgər Abdullayev ilə yollarını ayırıb.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
“İmişli” rəhbərliyi məşqçi heyəti ilə artıq geridə qalmış 2023/2024 mövsümünün nəticələrini müzakirə etmək məqsədi ilə iclas keçirib. İclas zamanı məşqçi heyəti rəhbərliyə bütün mövsüm ilə əlaqədar ətraflı hesabat təqdim edib. Bildirilib ki, nəticənin planlaşdırıldığı kimi olmamasına baxmayaraq, “İmişli” tarixinin ən yaxşı nəticəsi kimi keçən mövsüm qeydə alınıb.
Rəhbərlik hesabatı qənaətbəxş hesab edərək qəbul edib və məşqçilər heyətinə mövsüm ərzində çəkdikləri əziyyətlərə görə təşəkkür edib. Bununla yanaşı növbəti mövsüm ilə bağlı geniş müzakirələr aparılıb. Növbəti mövsüm üçün “İmişli”nin yeni məşqçi heyəti ilə çıxış etməsinin daha məqsədəuyğun olacağı qarşılıqlı razılaşma əsasında qərara alınıb.
İclasın sonunda rəhbərlik Əsgər Abdullayev və heyətinə xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, Əsgər Abdullayev ötən mövsümün əvvəlindən – 2023-cü ilin sentyabr ayından “İmişli”yə rəhbərlik edirdi. 64 yaşlı mütəxəssis daha öncə “Neftçi”, “Turan Tovuz”, AZAL-da, həmçinin Azərbaycan milli komandasında da baş məşqçi kimi çalışıb.


